Hüseyn Ərəblinski

Azərbaycanda teatr sənətinin qurucularından olan aktyor Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində doğulub. İlk təhsilini mollaxanada alan gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edib.

Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı da məhz Həbib bəy olur. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.

1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır.
Davamı →

Kinomuzun yorğun sərkərdəsi: Hüseyn Seyidzadə

Əslən Qərbi Azərbaycanın Qəmərli mahalından, əttar Seyid Məhəmmədin nəslindən olub, digər azərbaycanlılar kimi erməni daşnaqlarının təzyiqindən ailəsi ilə doğulduğu Yerevandan əvvəl Qarsa, sonra Tbilisiyə, 1918-ci ildə isə Bakıya üz tutmuş, trikotaj fabrikində fəhlə işləmiş, 1928-ci ildən Bakı işçi teatrında aktyor kimi kütləvi səhnələrə çıxmış, iki il sonra Bakı kinostudiyasında rejissor köməkçisi kimi çalışmış, «Böyük dahi» filmindəki Stalin rolunu dilimizdə səsləndirmiş, «İlk komsomol buruğu» filmində neftçi rolunu oynamış, 1931-33-cü illərdə ÜDKİ-da Sergey Eyzenşteynin emalatxanasında təhsil alsa da, sevmədiyi sənədli kino rejissorluğu ixtisasına keçirildiyindən diplom müdafiə etməsə də, «Lenfilm», «Mosfilm» studiyalarındakı ustad sənətkarlar yanında təcrübə qazanmış Hüseyn Əli oğlu Seyidzadə (1910-1979) Azərbaycana qayıtsa da, müharibənin başlaması ona özünü səfərbər etməyə imkan vermir.

Nəhayət ki, Moskvada birgə oxuduğu rejissor Niyazi Bədəlovla birgə, əhalinin cəbhədəki əsgərlərə yardımından söhbət açan, baş rolda Leyla Bədirbəylinin oynadığı çəkilişlərin Lahıcda aparıldığı, qısametrajlı «Sovqat» (ssenari müəllifi İ.Qasımov, 1942) bədii-oyun filmini ərsəyə gətirir. Qələbədən sonra H.Seyidzadənin çəkdiyi «Ədəbi odlar ölkəsi» (Azərbaycanın incəsənət ustaları) sənədli filmində (ssenari müəllifləri İ.Qasımov, S.Rəhman, 1945) musiqi dinləyən qızın xəyala dalması ilə ekranda təbiət mənzərələrinin, tarixi abidələrin, Çingiz xanın, Toxtamışın, Əmir Teymurun, Nadir şahın, Şah Abbasın, Qacarın rəssam tərəfindən işlənmiş qəzəbli rəsmləri ilə Nizami, Füzuli, Vaqif, Axundov və 1787-ci ildə çar Rusiyasından Quba xanlığını himayəyə götürməyi xahiş edən Fətəli xanın portretlərinin qarşılaşdırılması digər sənət sahələri kimi əyalət kinematoqrafının da güclü mərkəzə yarınmaq yolunda xalq yaddaşının əleyhinə getdiyini üzə çıxarmaqla rejissorun bədiioyun kinosunun qanunları ilə yaşadığını təsdiqləsə də o, arzusuna çata bilmir.
Davamı →

Azərbaycan kinosunun icmalı

Kinematoqrafiya – (yunan sözləri «kinema» – hərəkət və “qrafi” – yazmaq, təsvir etmək- sözlərinin birləşməsindən yaranıb, hərəkətdə olan təsvir deməkdir) XIX əsrdə Fransada meydana çıxmışdır. 1895-ci il dekabrın 28-də Lui və Ogüst Lümyer qardaşları Parisin Kaputsino bulvarındakı “Qrand-Kafe”də özlərinin ixtira etdikləri aparatla çəkdikləri kiçik süjetlərin nümayişini keçirirlər. Elə həmin tarix də dünya kinosunun ad günü hesab olunur.

Davamı →

Milli kino günü


Bu gün Azərbaycan Kinosu Günüdür. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı «Bibiheybətdə neft fontanı yanğını», "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", «Qafqaz rəqsi» xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün milli kinonun yaranma günü sayılır.Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı — Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Ötən əsrin əvvəllərində «Pate», «Pirone», «Filma» kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Davamı →

Niyazi Bədəlov

Azərbaycan kinematoqrafiyası tarixində parlaq iz qoyan görkəmli sənətkarlardan biri də sənədli filmlər ustası, kinorejissor Niyazi Bədəlov olub.

Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. 1927-ci ildə Şəkidə “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Kino dünyasına bağlanan gənc 1931-1936-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alır. Burada görkəmli sənətkar S.Eyzenşteyndən rejissorluq sənətinin sirlərini öyrənir.

Bakıya döndükdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə düzəlir və ilk işlərini — “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra görkəmli rejissor H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhval-ruhiyyə yaradır.
Davamı →

Telman Adıgözəlov

Uşaqlığı və…
Abasqulu kişinin ailəsi Balakəndə sovxozda işləyirdi. Ailədə iki oğlan uşağı böyüyürdü, ailə bütün o vaxtkı Sovet ailələri kimi sadə, xudmani dolanırdı. Elə bir dərdi-sərləri də yox idi, ailə sadəcə özlərini yerlərində hiss etmirdilər, elə bil qəribçilikdə yaşayırdılar.
Adıgözəlovlar ailəsi əslən Ordubaddan idilər. Tarixin gedişatı ilə o vaxt Ordubaddan bir çox ailələr Balakənə köçürülüb. Sovet rəhbərliyinin nə isə düşünülmüş siyasəti olub ki, Ordubaddan Balakənə insanları nəsillikcə köçürüb. Bu ailə də daxil olmaqla Balakəndə Ordubaddan olan ailələrin yaşadığı məhəlləyə “Ordubad” məhəlləsi də deyirmişlər.
Davamı →

Hacıbaba Bağırov

Bağırov Hacıbaba Ağarza oğlu (12.06.1932-6.10.2006) — 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.

1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.

1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad («Almas»), Şahsuvar («Komsomol poeması»), Rəşid («Anacan») kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub.


Ardı →

Bəşir Səfəroğlu

Səfəroğlu (Səfərov) Bəşir Səfər oğlu — 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.

Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.


Ardı →

Adil İsgəndərov

Onunla bir yerdə çalışanlar, dostları, tələbələri, bir sözlə, bu nəhəng sənət fədaisi ilə təmasda olan bütün insanlar Adil İsgəndərov haqqında xoş xatirələr danışırlar. Doğrudan da, Adil müəllim işıqlı insan idi. Özü işıqlı olduğu kimi, uzun illər teatr, kino sənətimizin də yoluna işıq saçmış, respublikamızda bu incəsənət sahələrinin inkişafı üçün böyük məktəb yaratmışdı.

Bu gün həmin sahələrin yükü də elə onun məktəbinin yetirmələrinin çiyinlərində qərar tutub. 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu fenominal şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Adil müəllim bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və yaratdıqları da xalqın ruhundan güc alırdı.

Adil İsgəndərov 1910-cu il baharın təravətli günlərindən birində — mayın 5-də Gəncədə dünyaya göz açmışdı. Bəlkə ona görə idi ki, ruhunda, qəlbində bir bahar ovqatı var idi. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Sənət adamları ona “Ədil müəllim” deyə müraciət edirdilər. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. “Köhnə kişilər”in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı.

Adil müəllim Teatr Texnikumunu bitirmişdi, sonra isə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı. Ustəlik Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. Buna baxmayaraq, bütün yaradıcı ruhuna milli klassik teatr ənənələri hakim idi.


Ardı →